CƏMİYYƏT
Qaradağ rayonunda vətəndaşlarla maarifləndirmə işləri aparılır
Bakı, 29 mart, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl edilməsi üçün Qaradağ Rayon İcra Hakimiyyətində yaradılan mobil qruplar tərəfindən rayonunun bütün qəsəbələrində əhalinin sıx toplaşdığı ərazilərdə, məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri aparılaraq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək tövsiyə edilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları nəqliyyat vasitələri ilə binaların qarşısında və məhəllələrdə səsgücləndiricilərlə vətəndaşları xüsusi karantin rejiminin tələblərini yerinə yetirməyə çağırırlar.
Bundan əlavə, rayon ərazisindəki bütün istirahət parklarına giriş məhdudlaşdırılıb, o cümlədən abad məhəllələrdə sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan, uşaq-əyləncə və idman qurğularından istifadəyə qadağa qoyulub. Eyni zamanda, rayon ərazisində gündəlik olaraq dezinfeksiya işləri aparılır.
Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ictimai-iaşə obyektlərinin işinə nəzarət gücləndirilib. Burada iş qrafiki və fəaliyyətin xüsusi rejimdə təşkili ilə bağlı maarifləndirmə aparılır.
Bütün təbliğat, maarifləndirmə, dezinfeksiya tədbirləri və yardımların göstərilməsi gün ərzində davam etdirilir.