CƏMİYYƏT
Qaradağ rayonunda xüsusi karantin rejimində təbliğat, maarifləndirmə və dezinfeksiya işləri görülür
Bakı, 3 aprel, AZƏRTAC
Qaradağ rayonunda xüsusi karantin rejimində təbliğat, maarifləndirmə və dezinfeksiya işləri davam etdirilir.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, icra hakimiyyəti tərəfindən təşkil olunmuş könüllülərdən ibarət qrupun üzvləri bu gün rayonun bütün qəsəbələrində yaşı 65-dən çox olan və tənha yaşayan 125-dən çox sakini evlərində ziyarət edib, onlara ərzaq və dərman yardımı ilə köməklik göstəriblər.
Rayonun sakinləri xüsusi karantin rejiminə tabe olur, evdən bayıra az çıxırlar. Bu gün də qəsəbələrdə çalışan mobil qrup üzvləri qəsəbələrdə gün ərzində gəzərək xüsusi səsgücləndirici vasitələrlə vətəndaşlara bir daha xüsusi karantin haqqında məlumatlar veriblər. Könüllülər bu gün də sakinlərin evdə qalmaları üçün təbliğat xarakterli plakatları bütün ictimai yerlərində, o cümlədən yaşayış binalarının girişlərində, dayanacaqlarda, mağaza, dükan və iaşə obyektlərində, yaşayış massivlərində, küçə və digər yerlərdə asmağa davam ediblər.
Artıq bir neçə gündür ki, rayon ərazisindəki bütün istirahət parklarının girişi bağlanıb və parklara giriş məhdudlaşdırılıb. Qəsəbələrdə yaradılmış abad məhəllələrdə sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan, uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulub. Gündəlik aparılan dezinfeksiya işləri də rayonunun bütün qəsəbələri olmaqla, Qızıldaş, Səngəçal, Qobustan və Müşfiqabad qəsəbələrinin ərazisində də davam etdirilir. Rayonun qəsəbələrində dezinfeksiya işlərini aparan 320 nəfərin hər biri lazımi püskürücü texnika, ləvazimatlar, xüsusi geyim formaları ilə təmin edilib. Dezinfeksiya edən şəxslərə bu texnika və ləvazimatların istifadə şərtləri izah edilib, bildirilib ki, bu şərtlərə ciddi əməl olunmalıdır. Aparılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.