İQTİSADİYYAT


Qaradağ rayonundakı sənaye müəssisələri ölkənin bu sahədəki böyük potensialından xəbər verir

Bakı, 18 sentyabr (AZƏRTAC). İqtisadiyyat və Sənaye Nazirliyinin təşəbbüsü ilə sentyabrın 18-də Qaradağ rayonundakı bir neçə sənaye müəssisəsinə məlumat turu təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin 2014-cü il 12 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi KİV nümayəndələrinin yerli sənaye müəssisələrinin fəaliyyəti və istehsal prosesi ilə yaxından tanış olmaları üçün müxtəlif müəssisələrə infoturlar təşkil edir. Jurnalistlərin növbəti belə səfəri Qaradağ rayonuna oldu.

Media nümayəndələrinə əvvəlcə “AAС” müasir tikinti materialları zavodu haqqında məlumat verildi. Bildirildi ki, 2011-ci ildə fəaliyyətə başlayan müəssisə ildə 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng istehsal edir. Almaniyanın “Werhahn” avadanlıqları ilə təchiz edilən zavodun məhsulları milli və beynəlxalq standartların tələblərinə cavab verir və keyfiyyətə müasir laboratoriyada daim nəzarət edilir. Məsaməli beton blokları digər hörgü materiallarından yüngüllüyü, zəlzələyə davamlılığı, uzunömürlülüyü, yüksək istilik və səs izolyasiyası, ekoloji cəhətdən təmizliyi, həmçinin çox asan emal olunması ilə fərqlənir və tikinti prosesini əhəmiyyətli dərəcədə sürətləndirir.

Müəssisənin rəhbəri İsrail Asaliyev zavodda bloklar üçün keyfiyyətli yapışdırıcı da istehsal edildiyini diqqətə çatdırdı. Zavodun tikintisinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verildiyi bildirildi.

Məlumat turu çərçivəsində KİV nümayəndələri Qaradağ metal konstruksiyalar zavodunda da oldular. 2012-ci ildə fəaliyyətə başlayan zavod metal konstruksiyaların istehsalı və quraşdırılması sahəsində ixtisaslaşıb. Müəssisə ay ərzində 3000-5000 ton metal konstruksiya istehsal edir. Hazırda zavodda 500 nəfər işləyir. Bu zavodun tikintisinə isə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib.

Daha sonra Bakı Gəmiqayırma Zavodunda olan jurnalistlərə məlumat verildi ki, 2011-ci ildə fəaliyyətə başlayan müəssisədə müxtəlif təyinatlı gəmilər (təchizat, yük, yedək, kran, sərnişin), tankerlər, eləcə də xüsusi ixtisaslaşdırılmış gəmilər hazırlanır, təmir edilir və təyinatı dəyişdirilir. Ümumi ərazisi 71,4 hektar olan zavodda 1100 metr uzunluğunda yanalma körpüsü, dördmərtəbəli inzibati bina, təlim mərkəzi, ofislər və anbarlar, istehsal, tikinti-quraşdırma və təmir-ötürmə sahələri, yeməkxana, tibb məntəqəsi, kompressor stansiyaları, elektrik yarımstansiya fəaliyyət göstərir.

Zavodun baş menecerinin müavini İmamverdi Həsənov bildirdi ki, müəssisə Finlandiya, Niderland, Almaniya, Çex Respublikası, Böyük Britaniya, Koreya və Sinqapur istehsalı olan müasir avadanlıqlarla təchiz edilib. İstehsal prosesində rəqəmsal metalkəsmə, profiləymə, lövhəəymə, 3D borukəsmə avadanlığı kimi texnoloji vasitələrdən və avtomatlaşdırılmış qaynaq xəttindən istifadə olunur. Zavod ildə 25 min ton metal konstruksiya istehsal etmək gücünə malikdir. İstehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu olmayan bu müəssisədə ildə 15 min ton yükgötürmə qabiliyyətinə malik dörd və ya 70 min ton yük götürə bilən iki tanker və dörd özül təchizat gəmisi hazırlamaq, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkündür. Zavod tərəfindən artıq “SOCAR-1” yedək gəmisi, 5 “28 May” üzən doku hazırlanaraq təhvil verilib. Bu ilin aprelində isə zavod Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-dən 3 ədəd 80 nəfərlik heyət gəmisi üçün daha bir sifariş qəbul edib.

Müəssisədə hazırda ARDNŞ-in sifarişi əsasında Xəzər dənizində ən böyük yarımdalma qazma qurğusunun pantonlarının tikintisi aparılır. Layihə Bakı Gəmiqayırma zavodu ilə bp şirkəti arasında bağlanmış və dəyəri 378 milyon ABŞ dolları olan müqavilə əsasında həyata keçirilir. Müqavilə çərçivəsində hazırlanan sualtı tikinti gəmisindən sahildən təxminən 70 kilometr məsafədə yerləşən Şahdəniz yatağının ikinci inkişaf mərhələsində istifadə olunacaq. Gəminin tikintisinin 2017-ci ilin aprelinədək tamamlanması nəzərdə tutulur. Bununla yanaşı, zavod müxtəlif təyinatlı gəmilərin təmirinə dair də sifarişlər qəbul edib və işlər uğurla həyata keçirilib.

Sənaye müəssisələrinə təşkil edilmiş növbəti məlumat turu KİV nümayəndələri tərəfindən maraqla qarşılandı, media nümayəndələrinin müəssisələrin fəaliyyətinə dair sualları cavablandırıldı.

Məlumat turuna əsasən mübaliğəsiz demək olar ki, Qaradağ rayonundakı sənaye müəssisələri ölkənin bu sahədəki böyük potensialından xəbər verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.