ELM VƏ TƏHSİL
Qaradağ və Yasamal rayonları üzrə “Məktəb seminarları” təşkil olunub
Bakı, 25 iyun, AZƏRTAC
“Ümumi təhsildə keyfiyyət ili”nin yekunlarına həsr olunan “Məktəb seminarları”nın növbəti sessiyaları Qaradağ və Yasamal rayonlarının ümumtəhsil müəssisələrini əhatə edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva ümumtəhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, səmərəli idarəetmənin rolunun artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, yeni layihələrin icrası, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi məsələlərinə toxunub.
Sessiyada BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, Anar Qədiməliyev, Bəşarət Məmmədov, Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşi rayonlar üzrə məktəblərin keyfiyyət göstəriciləri, tədrisin təşkili, birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarının təşkili, istedadlı şagirdlərlə iş, karyera inkişafı, keyfiyyətə nəzarət, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda çıxış ediblər.
Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində “Təhsil haqqında Qanun”a edilən dəyişikliklər, ümumtəhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, məktəbdaxili metodiki işə nəzarət, məktəbdənkənar təhsilin ehtiyaclar əsasında düzgün qurulması, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, şagirdlərlə psixoloji xidmətin düzgün təşkili və idrak proseslərinin korreksiyası, şagirdlərin internetdən təhlükəsiz istifadəsi məsələləri müzakirə olunub.
Həmçinin “Məktəb seminarları” layihəsi çərçivəsində BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun əməkdaşları tərəfindən məktəb saytlarını idarə edən şəxslər üçün saytların daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması ilə bağlı təlimlər də keçirilib.
Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, paytaxtın 12 inzibati rayonunun hər birini əhatə edən sessiyaların keçirilməsinin əsas məqsədi “Ümumi təhsildə keyfiyyət ili”nin yekunlarına dair il ərzində görülən işləri ümumiləşdirmək və nəticələrini müzakirə etmək, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin ümumtəhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki məktəblərin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdir.