İQTİSADİYYAT


Qaradağda 2,2 kilometrlik 4 küçənin təmiri yekunlaşıb VİDEO

Bakı, 10 aprel, AZƏRTAC 

Cari ilin əvvəlindən Qaradağ rayonunda başlanılan təmir-tikinti işləri çərçivəsində 2,2 kilometr uzunluğa malik 4 küçənin 15 min kvadratmetrdən çox sahəsində işlər yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu, uzunluqları 1,2 kilometr olan Müşfiqabad qəsəbəsinin “1-ci massiv-A” və “1-ci massiv-B” küçələri, həmçinin 600 metr uzunluğa malik “2-ci massiv” küçəsi, həmçinin Lökbatan qəsəbəsində 450 metr uzunluğunda olan Seymur Orucov küçəsidir. Həmin küçələrdə asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb, yağış barmaqlıqları yenilənib, zəruri yerlərdə mövcud piyada səkiləri bərpa olunub və yeni səki daşları düzülüb.

Hazırda isə cari təmir işləri rayon üzrə Müşfiqabad qəsəbəsində 1,3 kilometrlik 28 May küçəsində, orta təmir işləri isə uzunluğu 700 metr təşkil edən Lökbatan qəsəbəsinin Nizami və Musəvi küçələrində aparılır. Cari və orta təmir işləri aparılan ərazinin sahəsi 15 min kvadratmetrdir.

Qaradağ rayonunun Lökbatan, Korgöz və Qobustan qəsəbələri üzrə digər küçə və yollarda da işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində Korgöz qəsəbəsində 1,4 kilometrlik və mərkəzi küçəni 197 saylı orta məktəblə birləşdirən küçədə, həmçinin Lökbatan qəsəbəsinin 1,3 kilometr uzunluğu olan Nizami və Seymur Orucov küçələrinin kəsişməsində, qəsəbənin “6-cı massiv” yaşayış sahəsinin 1 kilometrlik 5-ci küçəsində təmir-tikinti işlərinə başlanılacaq. Təmir işləri aparılacaq ərazinin sahəsi təqribən 30 min kvadratmetrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.