CƏMİYYƏT
Qaradağda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb
Bakı, 12 iyul, AZƏRTAC
İyulun 12-də səhər saatlarında Qaradağ rayonu ərazisində yük maşınının sərnişin avtobusu ilə toqquşması faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev məlumat verib.
R.Quliyev bildirib ki, baş vermiş hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq tədbirləri davam etdirilir. Hadisə nəticəsində 1 nəfər ölüb, müxtəlif dərəcəli xəsarətlər alan 19 nəfər xəstəxanalara müraciət edib. Onlardan 13-nə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 6 nəfərin müalicəsi davam etdirilir.