CƏMİYYƏT
Qaradağda seçki komissiyalarının üzvləri səsvermə günü prosedurları barədə məlumatlandırılırlar
Bakı, 13 mart, AZƏRTAC
On iki saylı Qaradağ–Binəqədi-Yasamal seçki dairəsi dairə seçki komissiyasında prezident seçkiləri ilə əlaqədar seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində treninqlər davam edir.
AZƏRTAC xəbər verir ki, 12 saylı Qaradağ–Binəqədi-Yasamal seçki dairəsi dairə seçki komissiyasının sədri Qəşəm Əhmədzadə Mərkəzi Seçki Komissiyası tərəfindən məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün martın 12-dən təşkil edilən treninqlərin əhəmiyyətindən danışıb. Bildirib ki, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən keçirilən məşğələlər gün ərzində iki dəfə olmaqla, hər treninqdə məntəqə seçki komissiyalarının 40 nəfərədək üzvünün iştirakı ilə təşkil edilir.
Martın 14-dək davam edəcək treninqlər 192 seçki komissiyası üzvünü əhatə edir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında təşkil olunan məşğələlər MSK-nın təlim kurslarında iştirak etmiş trenerlər tərəfindən aparılır.
Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən treninqlərdə məntəqə seçki komissiyalarının üzvləri səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla, seçki günü prosedurları barədə ətraflı məlumatlandırılır, praktik məşğələlər zamanı müxtəlif mövzular ətrafında müzakirələr aparılır və iştirakçıları maraqlandıran suallar cavablandırılır.
Qəşəm Əhmədzadə qeyd edib ki, treninqlər zamanı hər bir aşağı seçki komissiyası üzvünə MSK tərəfindən hazırlanmış “Seçki günü üçün yaddaş kitabçası”, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd nümunələri təqdim olunur.
Qeyd edək ki, 11 saylı Qaradağ seçki dairəsi dairə seçki komissiyasında da məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir.