REGİONLAR


Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO

Beyləqan, 17 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğal edilməsindən və dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayətindən 30 il keçir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qaradağlı faciəsinin ildönümü münasibətilə Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər “Yeni Qaradağlı” qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Qaradağlı kəndinin sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, keçmiş döyüşçülər, hərbçilər abidə kompleksi önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Qeyd edək ki, erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək torpaqlayıblar. Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadınlar olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.