REGİONLAR


“Qaradolaq” qoyunları həm məhsuldardır, həm də digər cinslərdən 2-3 dəfə çox gəlir gətirir FOTO VİDEO

Tovuz, 25 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC

Hər bir fermer gəlir gətirən sahə ilə məşğul olmağa çalışır. Xırdabuynuzlu heyvan təsərrüfatını cins qoyunlardan təşkil edən tovuzlu fermer Fərhad Məmmədov 13 ildir fermasında yalnız “Qaradolaq” cinslərini bəsləyib, gəlir qazanır.

AZƏRTAC xəbər verir ki, Ağcabədi rayonunun Qaradolaq kəndində Qarabağ qoyunlarının xüsusi bir cinsi kimi formalaşan “Qaradolaq” XIX əsrin sonu - XX əsrin əvvəllərindən geniş yayılıb. Qarabağ qoyun cinsindən törəmiş bu cins Qarabağ qoyunlarına xas olan əsas xüsusiyyətləri saxlayaraq, ondan hündürlüyünə və çəkisinin ağırlığına görə fərqlənir. Ətlik-südlük “Qaradolaq” qoyunları böyüklüyünə, yaxşı xarici görkəminə, ətinin yüksək keyfiyyətinə görə diqqəti cəlb edir.

Fermer Fərhad Məmmədov deyir ki, bu qoyunlar məhsuldar və ətlik olması ilə seçilir. Nə az, nə çox, digər qoyun cinslərindən 2-3 dəfə artıq gəlirlidir. İndi döl vaxtı olduğundan, o, qoyunlardan yaxşı bala da götürüb. “Qaradolaq” qoyunu il ərzində təxminən 3 bala verir. “Ağcabədinin Qaradolaq kəndindən 20 baş qoyun almışdım. Həmin qoyunlar bala verərək artdı və indi 150 baş qoyun var. Ailəmin ehtiyacı olanda satıram, lazım olanda özümüz də istifadə edirik. Bu heyvanların digərlərindən fərqi ondadır ki, yerli heyvanlar 15 kiloqram ət verəndə, bunlardan 30-35 kiloqram götürmək olur”, - deyə fermer bildirir.

Bu qoyunların əti digərlərindən daha dadlı və faydalıdır. Son vaxtlar ətraf kəndlərdən, hətta rayonlardan “Qaradolaq” cinsindən olan qoyun almağa gələnlərin sayı artıb. Onlardan biri də Dönük Qırıqlı kəndinin sakini Xəlil Orucovdur: “Gəlirli heyvandır, artımlıdır. İldə 2-3 dəfə bala verir, əkiz quzuları da olur. Digər yerli qoyunlar isə ildə bir dəfə bala verir. İstəyirəm ki, mən də bu qoyunlardan alım”.

Alıcılar əsasən quzulara üstünlük verirlər. Çünki qoyunlar dölə nə qədər tez başlasa, bu, fermerlərin xeyrinədir. Yeni dünyaya gələn quzular ətlik kimi yaz aylarında satışa çıxarılacaq.

“Qaradolaq” qoyunlarının bir üstün cəhəti də onların kökəlməyə meyilli olmasıdır. Belə ki, kökəltmə şəraitində iki yaşlı erkək qoyunun 100-110 kiloqram əti olur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.