REGİONLAR
Qaranlıq dərədəki Yeddilər qalasından fotoreportaj
Quba, 17 avqust, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunda unikallığı ilə seçilən tarixi abidələrdən biri də Yeddilər qalasıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu qala Qaraçayın sağ sahilində Zıxır kəndi yaxınlığındadır. Bir hektardan çox ərazini əhatə edən qalanın X əsrdə inşa olunduğu ehtimal edilir.
Bu qalanın digərlərindən əsas fərqi ondadır ki, yüksəklikdə yox, əksinə, 3 tərəfi qayalarla əhatə olunmuş qaranlıq dərənin üzərində tikilib. Buna görə xalq arasında Qaranlıq qala kimi də adlandırılır.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin rəisi Sabit Qurbanov bildirib ki, bu qala çox möhkəm tikili olsa da, müdafiə xarakterli deyil. Ehtimal olunur ki, Yeddilər qalasından daha çox sığınacaq kimi istifadə olunub. Gizlin yerdə tikilməsi, ətrafdakı digər müdafiə xarakterli qalalara yaxın olması, ərazidən tez bir zamanda təhlükəsiz yerə çıxmağın mümkünlüyü belə deməyə əsas verir.
Qalanın yerləşdiyi ərazi, həmçinin tarixi abidəyə aparan yol əsrarəngiz təbiət mənzərələri ilə zəngindir.
AZƏRTAC Yeddilər qalasında çəkilən fotoreportajı təqdim edir.