DÜNYA
Qaraqalpaqstanda iğtişaşların gedişində 18 nəfər həlak olub
Bakı, 4 iyul, AZƏRTAC
Qaraqalpaqstan respublikasında baş verən iğtişaşlar nəticəsində 18 nəfər həlak olub, 240-dan çox insan yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Baş prokurorluğunun nümayəndəsi Abror Mamatov brifinqdə bildirib.
“Nukusda iyulun 1-2-də baş vermiş iğtişaşların gedişində 18 nəfər həlak olub, ümumilikdə 245 vətəndaş, o cümlədən hüquq- mühafizə orqanlarının 38 əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb”, - Baş prokurorluğunun nümayəndəsi belə deyib.
Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən 516 nəfər saxlanılıb. Özbəkistan Baş prokurorluğu Nukus şəhərindəki iğtişaş faktı üzrə konstitusiya quruluşuna qəsd maddəsi ilə cinayət işi başlayıb.
Xatırladaq ki, Qaraqalpaqstanda konstitusiya dəyişikliklərinə qarşı qanunsuz etiraz aksiyalarından sonra bölgədə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Həmçinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaqstan respublikasının statusuna dair konstitusiya dəyişikliklərindən imtina etmək qərarına gəlib.
Ölkədə konstitusiya islahatları barədə hazırlanmış qanun layihəsində Qaraqalpaqstanın Özbəkistan Respublikasının tərkibində suveren respublika olması və qaraqalpaq xalqının ümumi referendumunun nəticələrinə əsasən Özbəkistandan ayrıla bilməsi ilə bağlı müddəaların Əsas Qanundan çıxarılması nəzərdə tutulurdu.