Qarasuçayda qeydə alınan 1,5 metrə yaxın artım Kür çayının sululuğuna müsbət təsirini göstərib
AzerTAg.az

Bakı, 18 may, AZƏRTAC
Hazırda respublika çaylarında yaz-yay gursululuq dövrü müşahidə olunur. Son günlər intensiv, leysan yağışlar nəticəsində respublikanın əksər çaylarında, o cümlədən tranzit çaylarda sululuğun xeyli artımı qeydə alınır.
Bunu AZƏRTAC-a müsahibəsində Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
A.Verdiyev bildirib ki, mayın 13-dən 16-dək ölkə ərazisində intensiv, leysan yağışlar nəticəsində Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Təngərüdçay, Viləşçay və digər kiçik çaylarda suyun səviyyəsində xeyli artım müşahidə olunur. Belə ki, Lənkərançayda 90, Təngərüdçayda 66, Viləşçayda isə 31 santimetr artım olub. Kiçik Qafqazın ərazisindən axan Gəncəçay, Zəyəmçay, Şəmkirçay, Kürəkçayda da suyun səviyyəsi 26 santimetrə qədər artıb. Böyük Qafqazın ərazisindən axan Balakənçay, Talaçay, Kürmükçay, Kişçay, Əlicançay, Əyriçay, Katexçay, Dəmiraparançay, Vəlvələçay, Qudyalçayda da suyun səviyyəsində artım qeydə alınıb. Ən çox artım Əlicançayda olub və 44 santimetr təşkil edib. Bundan əlavə, Əyriçayda 11, Katexçayda 10 santimetr artım müşahidə olunub. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisindən axan Tərtərçay, Quruçay, Tutqunçay, Həkəriçay, Zabuxçay, Bərgüşadçay, Oxçuçay , Bəsitçayda suyun səviyyəsində xeyli artım olub. Suyun səviyyəsi Quruçayda 68, Oxçuçayda 49, Bəsitçayda 38 santimetr artıb.
“Eyni zamanda, transsərhəd çaylar olan Kür çayı ilə ölkə ərazisinə daxil olan sululuqda 79 , Qanıx çayında 60 santimetr artım müşahidə olunub. Kür çayının sol qolu olan Qarasuçayda - Göyçay və Türyançayın birləşməsindən yaranan çaydır - suyun səviyyəsi 1 metr 40 santimetr artıb. Bu proses Kür çayına öz müsbət təsirini göstərib. Belə ki, Kür çayının Zərdab rayonunun ərazisindən keçən hissəsində suyun səviyyəsi 1 metr, Sabirabad rayonu ərazisindən keçən hissəsində 1 metr 10 santimetr, Salyanda isə 95 santimetr artıb. Şirvan və Neftçala ərazilərində də suyun səviyyəsində 26 santimetrə qədər artım müşahidə olunub. Hazırda Kürün aşağı hissəsində suyun səviyyəsinin artımı davam edir. Yaxın günlər ərzində də suyun səviyyəsinin artımı gözlənilir. Kürün aşağı axınında duzluluğun miqdarı normadan azdır”, - deyə A.Verdiyev diqqətə çatdırıb.
Xəbərin mətnində orfoqrafik səhv var