MƏDƏNİYYƏT


Qardabani rayonunda fəaliyyət göstərən “Beez Uşaq Teatrı” yeni tamaşa hazırlayır

Tbilisi, 18 oktyabr, AZƏRTAC

Gürcüstanın Qardabani rayonunda fəaliyyət göstərən “Beez Uşaq Teatrı” yeni tamaşa üzərində çalışır. Tamaşa Gürcüstanın Mədəniyyət Nazirliyindən alınan qrant layihəsi əsasında hazırlanır.

Bu barədə AZƏRTAC-a teatrın qurucusu və bədii rəhbəri Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Binəli İslamoğlu məlumat verib.

Onun sözlərinə görə, teatrın əsas məqsədi uşaqların asudə vaxtlarını səmərəli keçirmələrinə, ədəbiyyata, incəsənətə, mədəniyyətə marağını artırmaq, eləcə də yaşadıqları regionun inteqrasiyasına köməklik göstərməkdir.

B.İslamoğlu deyib ki, Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrında işdən çıxarıldıqdan sonra yeni uşaq teatrı yaratmaq ideyası üzərində çalışıb. Sonda balaca aktyorlardan ibarət kollektiv yaratmağa nail olub. Onun şəxsi evinin bir hissəsində fəaliyyət göstərən teatrda hazırda 14 aktyor (uşaq) var. Balaca aktyorlar hazırda məşhur gürcü yazıçısı Vaja Pşavelanın “Meşə” əsərinin motivləri əsasında eyniadlı tamaşa üzərində çalışırlar. Yaxın vaxtlarda tamaşanın premyerası olacaq. Bu tamaşa daha sonra Marneuli və Dmanisi rayonlarında da nümayiş etdiriləcək. Tamaşanın paytaxt Tbilisidə də nümayişi nəzərdə tutulub.

B.İslamoğlu deyib ki, balaca aktyorlar bundan əvvəl Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürkün “Azadlıq” əsəri əsasında qısametrajlı film də çəkiblər.

Bundan başqa, Xocalı soyqırımı ilə bağlı tamaşa və “Mer” adlı satirik film və daha bir neçə qısametrajlı filmlər də hazırlayıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.