CƏMİYYƏT
Qardabanidə Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü qeyd edilib
Tbilisi, 16 oktyabr, AZƏRTAC
Gürcüstanın Qardabani rayonunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Qardabani Gənclər mərkəzinin təşkil etdiyi tədbirdə Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin, ölkəmizin Gürcüstandakı səfirliyinin əməkdaşları, ziyalılar, gənclər və məktəblilər iştirak ediblər.
Mərkəzin icraçı direktoru Hacı Bəkiroğlu tədbirdə çıxış edərək Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizəsindən danışıb, müstəqilliyimizin bərpasının 30-cu ildönümünün təkcə ölkəmizdə deyil, Gürcüstanda da soydaşlarımız tərəfindən böyük sevinc və fərəh hissi ilə qeyd olunduğunu bildirib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Sərxan İsmayılov çıxışında ölkələrimizin dostluğunun tarixinə nəzər salıb, münasibətlərimizin bütün istiqamətlərdə inkişaf etdiyini vurğulayıb. O, 44 günlük Vətən müharibəsi dövründə Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dövlətinə dəstəyini xüsusi qeyd edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Zaur Ramazanov çıxışında Gürcüstandakı soydaşlarımızın bu cür tədbirlər keçirməsini yüksək qiymətləndirib. O, Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlığın inkişafında və daha da möhkəmlənməsində soydaşlarımızın rolunu qeyd edib. Bildirib ki, dövlətimiz Gürcüstandakı Azərbaycan icmalarının fəaliyyətini yüksək qiymətləndirir, soydaşlarımıza daim diqqət və qayğı göstərir, bu siyasət bundan sonra da davam edəcək.
Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurası sədrinin müavini Mayak Nemətov, ziyalılardan Murad Eminov, Məhəmməd Sarıyev və başqaları çıxış edərək Müstəqilliyin Bərpası Gününün əhəmiyyətindən danışıblar.
Sonda şagirdlər Azərbaycana, Vətənə, Qələbəmizə həsr olunmuş şeirlər söyləyib, kompozisiya nümayiş etdiriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi