REGİONLAR


Qardaş köməyi: Yük dolu avtomobil karvanı Qubadan yola salınıb

Quba, 9 fevral, Elxan Yusifli, AZƏRTAC

Türkiyədə dəhşətli zəlzələ nəticəsində zərərçəkən şəxslərə kömək məqsədilə toplanan yardımları aparan növbəti avtomobil karvanı Qubadan yola salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yardımlar rayonun Qaraçay kəndindəki məntəqədə toplanaraq çeşidlənib.

Qubalıların fəal iştirak etdiyi kampaniya çərçivəsində indiyədək bir neçə yerdə yardımlar toplanaraq rayon icra hakimiyyəti ilə koordinasiya olunmuş şəkildə Bakı şəhərində müəyyən edilmiş məntəqələrə yola salınıb.

Yardım göndərən qubalılar Azərbaycanın və Türkiyənin həm sevincli, həm də çətin günlərdə hər zaman bir-birinin yanında olduğunu qeyd ediblər. Quba sakinləri qardaş ölkəyə yardım göstərməyi özlərinin mənəvi borcları hesab etdiklərini vurğulayıb, bundan sonra da yardım kampaniyasında yaxından iştirak edəcəklərini bildiriblər.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 14351 nəfərə, yaralananların sayı 63 min 794 nəfərə çatıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Təbii fəlakət bölgəsində üç ay fövqəladə vəziyyət rejimi tətbiq olunub. Axtarış-xilasetmə işləri davam edir.

Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkənin Prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Dövlət başçısının tapşırığına əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar qardaş ölkəyə genişmiqyaslı yardıma başlanılıb. O cümlədən Fövqəladə Hallar Nazirliyinin 700-dən çox şəxsi heyəti (34 nəfəri həkim) və xilasetmə avadanlıqları, mobil səhra hospitalına aid 7 konteyner, 4 səhra mətbəxi və digər humanitar yardım göndərilib.

Həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən də qardaş ölkəyə humanitar yardım göndərilir. Humanitar yardıma dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər daxildir.

Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər də “Qardaş köməyi” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.