İDMAN
Qarışıq komandaların 10 metr məsafədən hava tapançası ilə atəşaçma yarışının qalibi Almaniya komandası olub VİDEO
Qarışıq komandaların 10 metr məsafədən hava tapançası ilə atəşaçma yarışının qalibi Almaniya komandası olub.
Birincilik uğrunda Yunanıstan komandası ilə qarşılaşan Almaniya yığması hədəfləri dəqiq nişan alaraq qızıl medalı qazanmağı bacarıb. Almaniyanı Monika Karş və Kristian Rayts təmsil ediblər.
Kristian Rayts "Bakı-2015"-də kişilər arasında 25 metrdən tapança ilə sürətli atəşaçma yarışının qalibi də olub.
Yunanıstan ikinci, Rusiya isə üçüncü yerdə qərarlaşıb.
15:43
Qarışıq komandaların 10 metr məsafədən hava tüfəngi ilə atəşaçma yarışının qızıl medalına da İtaliya yığması sahib olub.
Finalda İtaliya və Danimarka milliləri qarşılaşıb. Bu qarşılaşma da gərgin idman mübarizəsi ilə yadda qalıb. İtaliya komandası müəyyən olunan hədəfləri daha dəqiq vuraraq birinciliyi təmin edib. İtaliyanı "Bakı-2015" ilk Avropa Oyunlarının idman elçisi, atıcılıq üzrə Olimpiya çempionu Nikola Kampriani və birinci Avropa Oyunlarında qadınlar arasında 50 metr məsafədən üç vəziyyətdə tüfənglə atəşaçma yarışının qalibi Petra Zublasinq təmsil ediblər.
Petra Zublasinq "Bakı-2015"-də qadınlar arasında 50 metr məsafədən üç vəziyyətdə tüfənglə atəşaçma yarışında sonuncu dünya rekordunu yeniləyib.
Nikola Kampriani "London-2012" Olimpiya Oyunlarında atıcılıq üzrə ilk yarışda 2 Olimpiya rekorduna imza atıb. İkinci yarışda isə Olimpiya rekordunu təkrarlayan idmançı bir qızıl və bir gümüş medal qazanaraq yüksək nəticə göstərib.
Bürünc medalı Rusiya komandası qazanıb.
15:43
İtaliya yığma komandası dairəvi stend üzrə qarışıq komanda yarışının qalibi olub.
Qızıl medal uğrunda mübarizədə İtaliya komandası Kipr yığmasını məğlub edərək birinci Avropa Oyunlarının çempionu adını qazanıb. İtaliyanı Valerio Luçini və Diana Bakosi təmsil ediblər.
İkinci yerə Kipr millisi, üçüncü yerə isə Fransa komandası çıxıb.
Sonra qaliblər mükafatlandırılıb.
13:19
Qarışıq komandaların dairəvi stend yarışının yarımfinalçıları müəyyən olub.
Azərbaycan komandasının da iştirak etdiyi yarışın təsnifat mərhələsindən yarımfinala Almaniya, Kipr, Slovakiya, Çexiya, İtaliya və Fransa çıxıb.
Təsnifat mərhələsində 87 xal yığan Azərbaycan komandası yarımfinala vəsiqə əldə edə bilməyib və mübarizəni 11-ci yerdə başa vurub.
Azərbaycanı bu yarışda Emin Cəfərov və Nurlana Cəfərova təmsil ediblər.
13:06
Qarışıq komandaların 10 metr məsafədən hava tüfəngi ilə atəşaçma yarışının finalına İtaliya və Danimarka milliləri vəsiqə qazanıb.
Bürünc medal uğrunda isə Serbiya və Rusiya komandaları qarşılaşacaq.
12:45
Qarışıq komandaların 10 metr məsafədən hava tüfəngi ilə atəşaçma yarışının yarımfinalçıları müəyyənləşib. Təsnifat mərhələsindən yarımfinala İtaliya, Serbiya, Norveç, Macarıstan, Danimarka, Rusiya, Avstriya, Xorvatiya komandaları vəsiqə alıb.
Bu yarışda Azərbaycan atletləri iştirak etməyib.
Qarışıq komandaların 10 metr məsafədən hava tapançası ilə atəşaçma yarışının da yarımfinalçıları məlum olub. Azərbaycan komandasının da iştirak etdiyi yarışın təsnifat mərhələsindən yarımfinala 8 komanda - İspaniya, Latviya, Ukrayna, Yunanıstan, Rusiya, Almaniya, Polşa və Serbiya çıxıb.
Təsnifat mərhələsində 473 xal yığan Azərbaycan komandası yarımfinala vəsiqə əldə edə bilməyib və mübarizəni 10-cu yerdə başa vurub.
Azərbaycanı bu yarışda İradə Aşumova və Ruslan Lunev təmsil ediblər.
08:40
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də Bakı Atıcılıq Mərkəzində birinci Avropa Oyunlarının atıcılıq yarışlarının sonuncu gününün mübarizəsi başlayıb.
AZƏRTAC xəbər verir ki, bu gün qarışıq komanda halında 10 metrdən hava tüfəngi ilə atəşaçma, 10 metrdən hava tapançası ilə atəşaçma və dairəvi stend yarışları keçiriləcək.
Qarışıq komanda halında 10 metrdən hava tapançası ilə atəş və dairəvi stend yarışlarında Azərbaycan idmançıları da iştirak edirlər.