REGİONLAR
Qarlı havada məşq edən “Şahdağ”lı futbolçular ikinci dövrədə daha iddialı olacaqlar VİDEO
Qusar, 10 yanvar, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanın I Divizion təmsilçisi olan Qusarın “Şahdağ” futbol komandası ikinci dövrənin hazırlıqlarına başlayıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 8-dən etibarən məşqlərə başlayan kollektiv ilk təlimlərini qarlı havada, rayon ərazisindəki meşə massivində keçirib. Hazırlıqların birinci mərhələsi fiziki, ikinci mərhələsi isə texniki-taktiki təlimlərdən ibarət olacaq. Fiziki təlimlər Qusarda, texniki-taktiki hazırlıqlar isə fevral ayında Mingəçevirdə həyata keçiriləcək.
Gün ərzində iki dəfə məşq keçən “Şahdağ”lı futbolçular yanvar ayı ərzində dörd yoldaşlıq görüşündə qüvvəsini sınayacaqlar. İlk yoldaşlıq görüşü yanvarın 17-də “Neftçala” komandası, ikinci qarşılaşma isə yanvarın 20-də “Rəvan” ilə olacaq. Digər iki rəqib hələ müəyyənləşməyib.
Komandanın baş məşqçisi Telman Babayev AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib ki, “Şahdağ” ikinci dövrəyə daha iddialı heyətlə qatılacaq. Fevral ayında kluba yeni yerli oyunçuların transfer olunması nəzərdə tutulub.
Qusar təmsilçisi ikinci dövrənin ilk matçını fevralın 20-də MOİK ilə keçirəcək.
İlk dövrədən sonra “Şahdağ” komandası 23 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.