REGİONLAR


Qars müqaviləsi 100 illiyinə həsr olunmuş beynəlxalq onlayn konfrans keçirilib

Naxçıvan, 30 aprel, AZƏRTAC

“Naxçıvan” Universitetinin təşkilatçılığı ilə “Qars müqaviləsi 100 il: tarixi-siyasi əhəmiyyəti və bu günün siyasi reallıqları” adlı beynəlxalq onlayn konfrans keçirilib. Konfransda yüzə yaxın alim iştirak edib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konfransda çıxış edən ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva 2021-ci ildə mühüm tarixi-siyasi əhəmiyyətə malik olan Qars müqaviləsinin imzalanmasının 100 illiyinin tamam olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu münasibətlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq müxtəlif tədbirlər, konfranslar keçirilir, xüsusən gənclərə müqavilənin əhəmiyyəti barədə ətraflı məlumat verilir. “Naxçıvan” Universiteti tərəfindən təşkil olunan hazırkı beynəlxalq konfrans da bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Nurlana Əliyeva qeyd edib ki, 1921-ci il oktyabrın 13-də Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm tarixi sənəddir. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında təsdiq edilib və həmin il sentyabrın 11-dən qüvvəyə minib. 20 maddə və 3 əlavədən ibarət olmaqla, müddətsiz imzalanan müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın statusu ilə bağlıdır. Həmin maddəyə əsasən tərəflər Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalması məsələsində razılığa gəliblər.

Ümummilli liderimiz Heydər Əliyevin “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir” fikirlərini xatırladan rektor Qars müqaviləsinin imzalanmasının və Naxçıvanın muxtariyyət statusunun təsbit olunmasının dövlətçilik tariximizdə mühüm mərhələ olduğunu bildirib.

Konfransda Türkiyənin İstanbul Zaim Universitetinin professoru Məhmət Əli Bolat “Qars müqaviləsinin Türkiyə üçün əhəmiyyəti” mövzusunda çıxış edib. Bildirib ki, Azərbaycan və Türkiyə xalqlarının taleyi bir-biri ilə sıx bağlı olub. XX əsrin əvvəlində cümhuriyyətini elan edən Türkiyə Azərbaycanın milli müstəqilliyinin qorunmasında və Cənubi Qafqazda sülhün təmin edilməsində hər zaman əsas qüvvələrdən biri olub. 1921-ci il martın 16-da Türkiyə ilə Rusiya arasında bağlanan Moskva və həmin il oktyabrın 13-də Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan arasında bağlanan Qars müqaviləsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması öz əksini tapıb. Bu baxımdan Qars müqaviləsi xüsusilə əhəmiyyətli idi. Müqavilədə Azərbaycanın ərazi bütövlüyü təmin olunub, Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi öz əksini tapıb. Müqavilənin 5-ci maddəsinə əsasən Naxçıvan diyarı Azərbaycanın himayəsində muxtar ərazi kimi qalıb və Ermənistan onun sərhədlərini tanıyıb. Qars müqaviləsinin 1-ci maddəsinə əsasən müqaviləni imzalayan tərəflər, o cümlədən Ermənistan indiyədək imzalanan müqavilələri ləğv olunmuş və qüvvəsini itirmiş hesab ediblər. Müasir dövrümüzdə Naxçıvanın ərazi bütövlüyünün qorunmasında böyük əhəmiyyəti olan müqaviləni qüvvədən salmaq istəyən ermənilərin bunun üçün ciddi cəhdlə çalışdıqlarını deyən məruzəçi, bu “istəyin” gerçəkləşməyəcəyini, baş verə biləcək hər hansı təxribatda Türkiyənin birbaşa müdaxilə hüququ olduğunu xatırladıb.

“Moskva və Qars müqavilələrində Naxçıvan məsələsi” haqqında danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Xəqani Məmmədov isə çıxışında bu müqavilənin imzalandığı tarixi şəraitdən danışıb, həmin tarixi dönəmə aid bəzi yazışmalar, qeydlər barədə iştirakçılara məlumat verib. O, müqavilələrin imzalanması ilə Naxçıvanın təhlükəsizlik məsələsinin birdəfəlik həll olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, müddətsiz imzalanan müqaviləyə əsasən Naxçıvan üçüncü ölkəyə güzəştə gedilə bilməz. Bu maddə ilə həm də ermənilərin əraziyə olan iddiaları əbədi olaraq tarixə qovuşdu.

Almaniyanın Bonn Universitetinin tədqiqatçısı Türkanə Allahverdiyevanın “Mudros müqaviləsindən Qars müqaviləsinə: Türkiyə və Naxçıvan məsələsi” mövzusunda çıxışında bildirib ki, tarixən Naxçıvanla bağlı imzalanan bir çox müqavilədə Türkiyə xüsusi rol oynayıb. Mustafa Kamal Atatürkün “Türkün qapısı” adlandırdığı Naxçıvanın regiondaki geosiyasi əhəmiyyətini vurğulayan məruzəçi, qonşu ölkələrin zaman-zaman buraya yiyələnmə cəhdlərindən söhbət açıb. Türkanə Allahverdiyeva tarixi sənədlər haqqında ətraflı məlumat verdikdən sonra 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli sülh Bəyanatı haqqında danışıb. Tədqiqatçı Bəyanata uyğun olaraq Naxçıvanın blokadadan çıxarılmasının Azərbaycan, Türkiyə və ümumilikdə, Türk dünyası ilə nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini bildirib, Zəngəzur dəhlizinin işə düşməsi ilə birlikdə regionda iqtisadi-ticarət baxımından ciddi canlanma baş verəcəyini vurğulayıb.

“Gümrü-Moskva-Qars müqavilələri Naxçıvanın qurtuluşunun və siyasi hüquqi muxtariyyətinin tarixi təminatçısıdır” adlı çıxışında “Naxçıvan” Universitetinin dosenti Elçin Zamanlı Naxçıvanın tarixində mühüm əhəmiyyəti olan bu müqavilələrin XX əsrdə muxtar respublikanın ərazi bütövlüyünün təmin edilməsində önəmli rolu olduğunu vurğulayıb. O, Qars müqaviləsi ilə Naxçıvanın statusu və tabeçiliyi məsələsinin tam şəkildə həll edildiyini xatırladıb, müqavilənin bundan sonra da öz hüquqi qüvvəsini saxlayacağını deyib. Elçin Zamanlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Qars müqaviləsi dünən olduğu kimi, bu gün də, gələcəkdə də Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir” fikirlərini xatırladıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.