QAN YADDAŞI


Qars şəhərində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Qars, 19 yanvar, AZƏRTAC

Türkiyənin Qars şəhərində fəaliyyət göstərən Qafqaz Universitetində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qarsdakı baş konsulluğunun tərəfindən təşkil olunan mərasimdə diplomatlar, yerli hakimiyyət orqanlarının və siyasi partiyaların təmsilçiləri, eləcə də qardaş ölkədə yaşayan, təhsil alan və çalışan soydaşlarımız iştirak ediblər.

İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin Qars şəhərindəki abidəsi önünə tər çiçəklər düzüb, xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Faciənin dəhşətlərini əks etdirən filmin nümayişindən sonra Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, Ədalət və İnkişaf Partiyasının Qars vilayət təşkilatının rəhbəri Adəm Çalkın və Qars Qafqaz Universitetinin müəllimi Könül Quliyevanın çıxışları dinlənilib.

Çıxışlarda 32 il əvvəl Azərbaycan xalqına qarşı törədilən qanlı cinayətin təfərrüatından danışılıb. Diqqətə çatdırılıb ki, faciənin səhəri gün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev bütün təhlükələrə sinə gərərək xalqımıza qarşı bu ağır cinayəti törədənləri kəskin ittiham edib. Məhz Ulu Öndərimizin təkidi ilə 20 Yanvar hadisələrinə 1994-cü ildə ilk dəfə siyasi-hüquqi qiymət verilib.

Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə də geniş yer verilib. Əminliklə vurğulanıb ki, iki qardaş ölkənin və xalqın doğma münasibətləri əbədiyyətə qədər davam edəcək.

Sonda iştirakçılar AZƏRTAC-ın arxivindəki fotolardan ibarət olan və 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən sərgi ilə tanış olublar.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Qars

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.