CƏMİYYƏT
Qarsda Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehsan məclisi təşkil olunub
Qars, 1 oktyabr, AZƏRTAC
Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğu İkinci Qarabağ müharibəsinin başlamasının ildönümü – 27 sentyabr Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil edib.
AZƏRTAC xəbər verir ki, şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələrinə ehtiram göstərilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun 44 günlük Vətən savaşında qazandığı rəşadətli qələbənin türk dünyasının dövlətçilik tarixində ən şanlı səhifələrdən biri olduğunu diqqətə çatdıran Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev işğal dövründə, Vətən Savaşı günlərində və müharibədən sonrakı proseslərdə göstərilən qardaşlıq dəstəyinə görə bütün Türkiyə xalqına dərini ehtiramını ifadə edib. Baş konsul əminliklə bildirib ki, bütün bölgəmizə sülh və əmin-amanlıq vəd edən Azərbaycan-Türkiyə qardaşlığı əbədiyyətə qədər qorunacaq, xalqlarımızın və ölkələrimizin firavanlığı dövlətlərimizin birgə inkişafı və qüdrəti sayəsində bundan sonra da əzmlə davam edəcəkdir.
Qars valisi Türkər Öksüz, Qarsın polis rəisi Yavuz Sağdıç, general Hakan Tunç, Qafqaz Universitetinin rektoru Hüsnü Kapu da daxil olmaqla yerli ictimaiyyətin tanınmış nümayəndələri, bölgədə yaşayan soydaşlarımız ehsan məclisində iştirak ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qars