İDMAN
Qarsevan Canazyan: Bakıda təhlükəsizlik yüksək səviyyədə təmin olunub
Bakı, 24 may, AZƏRTAC
Bakıda insanlar mehribandırlar. Onlar köməyə ehtiyac duyduğumuz zaman heç vaxt bunu əsirgəmirlər. Paytaxtınız çox gözəldir. İmkan olan kimi şəhəri gəzməyə çıxırıq. Burada tam sərbəst gəzə bilirik. 2015-ci ildə Bakıda keçirilmiş birinci Avropa Oyunlarında iştirak etmişik. Həmin yarışlardan xoş təəssüratlarla ayrılmışıq.
Bunu mayın 24-da Bakıda start götürən aerobika üzrə Avropa çempionatında Rusiyanı təmsil edən erməni əsilli gimnast Qarsevan Canazyan AZƏRTAC-a müsahibəsində deyib.
Bakıda heç bir təhlükə gözləmədiklərini vurğulayan idmançı bildirib: “Bakıda təhlükəsizlik çox yüksək səviyyədə təmin olunub. Bizi burada hər şey qane edir. Yarışların təşkilatçılığının yüksək səviyyədə olduğunu qeyd etmək istəyirəm. Bakıdakı yarışdan sonra ikinci Avropa Oyunlarında da çıxış edəcəyik. Düşünürəm ki, hər şey yaxşı olacaq”.
Qarsevan Canazyan UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final matçında “Arsenal” komandasının erməni futbolçusu Henrix Mxitaryanın iştirak etməməsinə münasibət bildirərək deyib: “İnsanlar müxtəlifdirlər. Düşünürəm ki, idmanı siyasətlə qarışdırmaq olmaz. Bakıda yüksək səviyyədə çıxış edib, ölkəmin idman şərəfini qorumaq istəyirəm”.