İQTİSADİYYAT
Qarşıdakı 28 ildə Finlandiyada hər il 50.000-dən çox ixtisaslı immiqranta ehtiyac olacaq

Stokholm, 17 noyabr, AZƏRTAC
Finlandiya əmək bazarında vakansiyaları doldurmaq üçün növbəti 28 ildə hər il 50.000-dən çox ixtisaslıq immiqranta ehtiyac olacaq.
AZƏRTAC Finlandiyanın “Technology Finland” iri texnoloji biznes assosiasiyasının hesablamalarına istinadla xəbər verir ki, mütəxəssislərə bu cür ehtiyac ölkə əhalisinin qocalması prosesinin davam etməsi ilə bağlıdır.
Finlandiya ərazisində texnoloji sahəyə aid 1800-ə yaxın şirkəti birləşdirən “Technology Finland” assosiasiyasının məlumatına görə, ölkənin ən mühüm ixrac sektoruna çevrilmiş bu sahədə yaxın 10 ildə 130.000 yeni mütəxəssisə ehtiyac olacaq. Onların yalnız yarısı pensiya yaşında olan insanları əvəz edəcək. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bu sahənin genişlənməsi gözlənilir. Beləliklə, yaxın 10 ildə ixrac sahəsində on minlərlə yeni vakansiya yaranacaq.
Ekspertlərin hesablamalarına görə, əgər yaxın vaxtlarda Finlandiyada kifayət qədər əmək qabiliyyətli əhali olmasa, ümumi rifah dövləti fəaliyyət göstərə bilməyəcək. Bu səbəbdən, Finlandiya uğurlu uzunmüddətli immiqrasiya siyasəti hazırlamalıdır. Bundan əlavə, xüsusən informasiya və kommunikasiya texnologiyaları sahəsində gənclərin ixtisas səviyyəsinin artırılması son dərəcə zəruridir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm