REGİONLAR
Qarşıdakı 3-4 ay ərzində 470 ədəd yeni kombayn və “Belarus” tipli 600-dən artıq traktor alınıb istifadəyə veriləcəkdir
Bakı, 6 fevral (AZƏRTAC). 2005-2013-cü illər ərzində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin investisiya portfeli 650 milyon manat təşkil etmişdir. Bu vəsaitlər hesabına həmin dövrdə 1200-dən artıq yeni kombayn, 5145 traktor, 184 ekskavator və digər kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqları alınaraq 6591 nəfər müxtəlif hüquqi və fiziki şəxslərə lizinqə verilmiş və ya lizinq yolu ilə satılmışdır ki, bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının texniki təchizatında müstəsna rol oynamışdır.
AZƏRTAC xəbər verir ki, bu faktları kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı çıxışında demişdir.
Nazir qeyd etmişdir ki, Prezidentin ehtiyat fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına qarşıdakı 3-4 ay ərzində dünyanın ən tanınmış şirkətlərindən 470 ədəd yeni kombayn və yerli istehsal olan “Belarus” tipli 600-dən artıq traktor alınıb istifadəyə veriləcəkdir ki, bu da əvvəlki illərdə alınmış bütün işlək kombaynların təxminən yarısına bərabər olmaqla texniki təchizatda dönüş nöqtəsi yaradacaqdır.