CƏMİYYƏT
Qarşıdakı günlərdə Azərbaycana Biontech/Pfizer vaksini gətiriləcək
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan dünyada əhalisinin sayına yetəri qədər vaksin olan nadir ölkələrdəndir. Vaksin sayı ilə bağlı heç bir problem yoxdur. Vətəndaşların seçim imkanı var.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
“Ölkəmizdə üç müxtəlif şirkət tərəfindən istehsal olunan iki növ vaksin var. Yəni, həm inaktivasiya olunmuş bir, həm də vektor platformasında hazırlanan iki vaksin tətbiq olunur. Həmçinin üçüncü növ vaksin olan M-RNT tipli peyvəndi də gözləyirik. Qarşıdakı günlərdə Biontech/Pfizer vaksini də Azərbaycana gətiriləcək”, - deyə Y.Qarayeva qeyd edib.