CƏMİYYƏT


Qastroezofagial reflüks xəstəliyinə hamilə qadınlarda və uşaqlarda da çox rast gəlinir

Bakı, 13 iyul, AZƏRTAC

Qastroezofagial refleks və ya reflü xəstəliyi əhalinin təxminən 20 faizində, kişilər və qadınlar arasında eyni sıxlıqda rast gəlinir. Reflü xəstəliyi mədə möhtəviyyatının qida borusu və ağıza qədər yerdəyişməsidir. Əgər qida qəbulundan sonra mədə qıcqırması, ağıza acı su gəlmə, döş sümüyü arxasında yanğı, sinədə ağrı, yediyinin ağzına qayıtması, udqunma aktının çətinləşməsi, epiqastral nahiyədə şişkinlik və dolğunluq hissi varsa, həkimə müraciət etmək tövsiyə olunur.

Reflü xəstəliyinə hiatal hirnia, yəni mədə yırtığı, stres, siqaretçəkmə, qeyri-düzgün qidalanma, asitli içkilərin – qazlı, o cümlədən enerji içkilərinin, konservə olunmuş meyvə şirələrinin sui-istifadəsi səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Neftçilər Xəstəxanasının terapevti Billurə Həsənova məlumat verib.

Terapevt bildirib ki, reflü xəstəliyi zamanı atipik simptomlar da müşahidə oluna bilər. Bunlara quru qıcıqlanmış öskürək tutmaları, səsin batması, faringit, laringit, ağızda qoxu aiddir: “Xəstəliyin qarşısını alınmasında ilk tədbir həkimin tövsiyələrinə riayət etməkdir. Bu yaşam tərzinin dəyişməsi ilə başlayır. Kiçik porsiyalarla müntəzəm şəkildə, sutkada 4-5 dəfə qidalanmaq, qidanı ağızda yaxşı çeynəyib udmaq, yedikdən sonra uzanmamaq, gün ərzində sonuncu dəfə gecə yatmazdan 3 saat əvvəl qida qəbul etmək, qida qəbulundan sonra 30 dəqiqə gəzinti məsləhət görülür. Yatağın baş hissəsini 15-20 santimetr yuxarı qaldırmaq, pəhrizə əməl etmək, alkoqoldan uzaq olmaq, ədviyyatlı qidalar, fastfudlar, kremli şirniyyatlar, çox duzlu, istiotlu və turşulu qidalar, şokolad, soğan sarımsaq, qəhvənin istifadəsini məhdudlaşdırmaq, beli və qarını sıxan dar paltarlar və kəmərlər geyinməmək məsləhət görülür.

Qastroezofagial refleks xəstəliyinə hamilə qadınlarda və uşaqlarda da çox rast gəlinir. Belə ki, uşaqlarda ilk 1 il ərzində fizioloji reflü olması normal haldır. Qidanın mədədən qida borusuna atışının qarşısını alan qapaq aparatı uşaq böyüdükcə formalaşır və tədricən keçir. Əgər uşaqda çəkinin və boyun geri qalması, iştahasızlıq, diş çürükləri, ağız qoxusu, dəmir defisitli anemiya, sağalmayan faringit, sinusit, otit, müalicəyə davamlı astma, təkrarlanan pnevmoniya halları müşahidə olunursa, patoloji reflü şübhəsi ilə müayinə mütləqdir.

Hamiləlikdə reflü hormonal dəyişiklər, dölün böyüməsi ilə mədəyə təzyiq etməsi səbəbindən mümkündür. Bu zaman hamilə qadınlar düzgün qidalanmaya əməl etməli, qarını sıxan paltarlar geyinməməli, qəbizlik problemi varsa, müalicə olunmalıdırlar.

Xəstəliyin diaqnozu ətraflı toplanmış anamnez, ezofaqoqastroduodenoskopiya, ph-metriya və manometriya metodları ilə qoyulur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.