MƏDƏNİYYƏT


Qax Dövlət Gürcü Dram Teatrının 40 illik yubileyi Tbilisidə qeyd olunub

Tbilisi, 14 yanvar, AZƏRTAC

Yanvarın 14-də Tbilisidə Gürcü Teatr Günü qeyd edilib.

AZƏRTAC xəbər verir ki, budəfəki tədbir bütünlüklə Qax Dövlət Gürcü Dram Teatrının 40 illik yubileyinə həsr olunub.

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Çxenkeli teatr truppasının üzvlərini yubiley münasibətilə təbrik edib, onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

Nazir deyib ki, Qax Dövlət Gürcü Dram Teatrı Gürcüstandan kənarda olan yeganə teatrdır. Bu teatrın 40 illik yubileyinin qeyd olunması bizim üçün xüsusi əhəmiyyət kəsb edir.

Bildirilib ki, teatrın təsisçisi Anzor Dolencaşvili gürcü mədəniyyətinin təbliğindəki xüsusi xidmətlərinə görə Sandro Axmeteli adına mükafata layiq görülüb. Mərasimdə mükafat sahibinə təqdim olunub.

Mədəniyyət ocağının rejissor və aktyorları da xüsusi adlar və təşəkkürnamələrlə təltif olunublar.

Qeyd edək ki, 1981-ci ildə Qax rayonunun Əlibəyli kənd Mədəniyyət evində gürcü dram dərnəyi yaradılıb. Kollektiv 1985-ci il mayın 31-də Xalq teatrı adını alıb.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı və Nazirlər Kabinetinin 2005-ci il 22 fevral tarixli qərarı ilə teatra dövlət statusu verilib.

Hazırda truppası 20 nəfərdən ibarət olan teatrın repertuarında 10 tamaşa var.

Qax teatrının aktyorları müxtəlif tamaşalardan parçalar göstərib, mahnı və rəqsləri ifa ediblər.

Yubiley tədbirində ölkəmizi Azərbaycan teatr rejissoru, Xalq artisti Azərpaşa Nemətov və digər rəsmi şəxslər təmsil ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.