REGİONLAR
Qax Dövlət Kukla Teatrı 46-cı mövsümünü açıb
Qax, 20 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrı sentyabrın 20-də - 46-cı teatr mövsümünün açılış günündə balaca pərəstişkarlarını Osman Abdullayevin “Babamın nəsihəti” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa ilə sevindirib. Tədbirdə uşaqlar, onların valideynləri, teatrsevərlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tamaşaya başlamazdan əvvəl teatrın direktoru Nazim Mahmudov çıxış edərək, sənət ocağının fəaliyyəti və qazandığı uğurlar barədə məlumat verib. Bildirilib ki, 1971-ci ildə rayon mədəniyyət evinin nəzdində dərnək kimi fəaliyyətə başlayan teatra 1976-cı ildə Xalq Kukla Teatrı, 1992-ci ildə isə Dövlət Kukla Teatrı statusu verilib. Ötən müddət ərzində teatr Türkiyə, Rusiya, Ukrayna, Estoniya və Gürcüstanda keçirilən beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil edib. Kollektivin üzvlərindən 2 nəfər “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb, 5 nəfər “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif olunub.
Mövsümün açılış günündə tamaşaçılara təqdim olunan səhnə əsərinin quruluşçu rejissoru Rahib Məmmədov, rəssamı Mayis Abdullayevdir. Tamaşada əsas rolları Araz Mehrablı, Azər Kərimov, Nuru Mustafayev, Afət Yaqubova və başqaları ifa ediblər.
Teatrın direktoru Nazim Mahmudov AZƏRTAC-a bildirib ki, hazırda teatrda Nizami Gəncəvinin “Xeyir və Şər” əsəri əsasında səhnələşdirilən tamaşa üzərində məşqlər başa çatmaq üzrədir. Yeni səhnə əsəri sentyabrın sonunda tamaşaçılara təqdim olunacaq. Teatrın 2017-ci il üçün repertuar planına, həmçinin Rəhman Əlizadənin “Keçəlin toyu” əsəri də daxil edilib. Yeni tamaşa üzərində məşqlərə oktyabrda başlanılacaq.