REGİONLAR
Qax Dövlət Kukla Teatrı uşaqları yeni tamaşa ilə sevindirib
Qax, 10 mart, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrı 10 Mart - Milli Teatr Günündə balaca pərəstişkarlarını yeni tamaşa ilə sevindirib. Teatrın yaradıcı kollektivi Tofiq Kərimin “Quyruqsuz ulağın sərgüzəştləri” əsəri əsasında hazırlanan tamaşa üzərində məşqləri başa çatdırıb və yeni səhnə əsəri martın 10-da tamaşaçılara təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşaya başlamazdan əvvəl teatrın direktoru Nazim Mahmudov çıxış edərək, teatrsevərləri Azərbaycan milli teatrının yaranmasının 145-ci ildönümü münasibətilə təbrik edib, bu sənət ocağının fəaliyyəti və qazandığı uğurlar barədə danışıb. Bildirilib ki, 1973-cü ildən Qax Rayon Mədəniyyət Evinin nəzdində dərnək, 1976-cı ildən isə xalq teatrı kimi fəaliyyət göstərən teatra 1992-ci ildə Dövlət Kukla Teatrı statusu verilib. Teatr 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. Ötən illər ərzində Qax teatrı dəfələrlə respublikamızda, eləcə də xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak edib, uğur qazanıb.
Uşaqlara təqdim olunan “Quyruqsuz ulağın sərgüzəştləri” tamaşasının quruluşçu rejissoru və musiqi tərtibatçısı Yusif Abdurahmanov, rəssamı Mayis Abdullayevdir. Tamaşada əsas rolları Araz Mehrablı, Azər Kərimov, Aynurə Abbasova və başqaları ifa ediblər.
Teatrın direktoru AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda yaradıcı kollektiv Novruz şənlikləri ilə əlaqədar xüsusi tamaşa üzərində məşqləri davam etdirir. Tamaşa yaz tətili günlərində uşaqlara təqdim olunacaq. Martın sonlarında isə teatrda 2018-ci ilin repertuar planına daxil edilən Əzizə Əhmədovanın “Tikanlı yalanlar” əsəri üzərində məşqlərə başlanılacaq.