REGİONLAR
Qax Dövlət Kukla Teatrı yeni mövsümü “Zınqırovlu pişik” tamaşası ilə açıb
Qax, 14 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrı oktyabrın 14-də, 49-cu teatr mövsümünün açılış günündə uşaqlara Əhməd Orucun “Zınqırovlu pişik” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib. Tamaşada, eyni zamanda şəhid və qazi ailələrinin uşaqları da iştirak ediblər.
Rejissor Elşad Rəhimzadənin quruluş verdiyi tamaşada rolları Araz Mehrablı, Afət Yaqubova, Nuru Mustafayev, Aynurə Abbasova və başqaları oynayıblar. Tamaşanın rəssamı Mayis Abdullayevdir.
Teatrın direktoru Nazim Mahmudov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda teatrda 2021-ci ilin repertuar planına daxil edilən iki əsər – fransız yazıçısı Şarl Peronun “Yatmış gözəl” və rus yazıçısı Pavel Morozovun “Yırtıcı dovşan” əsərləri əsasında səhnələşdirilən tamaşalar üzərində məşqlər davam etdirilir. Birinci tamaşa oktyabrın sonunda uşaqlara təqdim olunacaq.
Qeyd edək ki, 1971-ci ildən Qax rayon mədəniyyət evinin nəzdində dərnək, 1976-cı ildən isə xalq teatrı kimi fəaliyyət göstərən teatra 1992-ci ildə Dövlət Kukla Teatrı statusu verilib. Teatr 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl dərviş” mükafatına layiq görülüb. Ötən illər ərzində Qax teatrı dəfələrlə respublikamızda, eləcə də xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak edib, uğur qazanıb.