REGİONLAR
Qax Dövlət Kukla Teatrında yeni tamaşa hazırlanır
Qax, 25 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrında rus yazıçısı Pavel Morozovun “Yırtıcı dovşan” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb.
Teatrın direktoru Nazim Mahmudov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Araz Mehrablının quruluş verdiyi tamaşada əsas rolları Afət Yaqubova, Elnarə Razıyeva, Aynurə Abbasova, Nuru Mustafayev, Vasif Fikrətli və başqaları ifa edirlər. Tamaşanın rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.
Mədəniyyət Nazirliyinin təsdiq etdiyi repertuar plana əsasən hazırlanan tamaşa ilin sonunadək uşaqlara təqdim olunacaq.
Teatrın direktorunun sözlərinə görə, repertuar plana daxil olan digər əsər - fransız yazıçısı Şarl Peronun “Yatmış gözəl” əsasında hazırlanan eyniadlı tamaşa üzərində məşqlər isə artıq başa çatıb. Uşaqlar tamaşaya koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin rejimi başa çatdıqdan sonra baxa biləcəklər.