REGİONLAR
Qax gəncləri “Azərbaycan könüllülük həftəsi”nə fəal qoşulublar
Qax, 3 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə həyata keçirilən “Azərbaycan könüllülük həftəsi”nə Qax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri də fəal qoşulublar.
Mərkəzin direktoru Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, könüllülər “Şəhidimiz” kampaniyası çərçivəsində Qax şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üzərinə gül-çiçək dəstələri düzüblər. Gənc könüllülər şəhid soydaşlarımızın ailələrinə baş çəkərək, onlarla həmrəylik nümayiş etdiriblər.
“VətənimİZ” devizi altında keçirilən silsilə tədbirlər çərçivəsində könüllülər ulu öndər Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Sonra gənclər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olub, “Əsl məhəbbət haqqında” sənədli filmi izləyiblər.
“Azərbaycan könüllülük həftəsi” çərçivəsində dekabrın 9-dək ölkəmizin bütün ərazisində tədbirlər təşkil olunacaq. Növbəti günlərdə “VətənimİZ” devizi altında tariximiz və milli-mənəvi dəyərlərimizin təbliği, “Könüllülük sərhəd tanımır!” çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanlar üçün sosial işlərin görülməsi, “TəbiətimİZ” adı altında ekoloji aksiyaların təşkili nəzərdə tutulur.
Dekabrın 5-də isə Azərbaycan Könüllülərinin Həmrəylik Forumunda və xüsusi konsert-əyləncə proqramında minlərlə gənc iştirak edəcək. Həftənin ən fəal 300 könüllüsü dördgünlük qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanı əldə edəcəklər.