REGİONLAR
Qax məktəblərinin 430 məzunu son zəngin sevincini yaşayıb
Qax, 14 iyun, Mustafa Dadaşov, AZƏRTAC
İyunun 14-də Qax rayonunun tam orta məktəblərini bitirən 430 şagird üçün son zəng çalınıb. Bu münasibətlə keçirilən mərasimlərdə məktəb kollektivləri, rayon icra hakimiyyətinin, müəssisə və təşkilatların, yerli icra və bələdiyyə orqanlarının nümayəndələri, valideynlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədris ili rayonun tam orta məktəblərinin məzunları üçün çox uğurlu olub. Belə ki, ali məktəblərə builki qəbul imtahanlarının birinci mərhələsində onbirincilər yüksək bilik nümayiş etdiriblər. İmtahanlarda iştirak edən məzunlardan 30 nəfər 500 baldan, 14 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.
Respublikanın tanınmış təhsil ocaqlarından olan şəhid Namiq Allahverdiyev adına Qax şəhər 2 saylı məktəb-liseydə təşkil edilən “son zəng” mərasimi bu dəfə də maraqlı və rəngarəng proqramla yaddaqalan olub. Bu il yaranmasının 40-cı ildönümünü qeyd edən məktəb-lisey qabaqcıl təhsil ənənələri ilə seçilir. İki dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” respublika müsabiqəsinin qalibi adını qazanan məktəb-lisey respublika üzrə ən yüksək təhsil göstəricilərinə malik olan 100 məktəbdən biri hesab olunur.
Son zəng mərasimi Azərbaycanın Dövlət himninin oxunması ilə başlanıb. Tədbirdə məktəb-liseyin direktoru, Əməkdar müəllim Şəkər Abdullayeva çıxış edərək, ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, bu təhsil ocağının ötən 40 ildə qazandığı uğurlardan bəhs edib. Bildirilib ki, ötən tədris ilinin yekunları da liseyin şagirdləri üçün uğurlu olub. Liseydə təhsil alan iyirmiyədək şagird respublika fənn olimpiadalarında, beynəlxalq və respublika səviyyəli yarış və müsabiqələrdə, layihələrdə iştirak edib, medal və sertifikatlar qazanıb. Məktəbin 11-ci sinif şagirdi Murad Şərifzadə Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanında maksimum nəticə - 300 bal toplayıb. O, ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsində də yüksək bilik nümayiş etdirərək, ümumilikdə, 654 bal toplamağa müvəffəq olub.
Ümumiyyətlə, ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsində liseyin şagirdlərindən 6 nəfər 600 baldan yuxarı, 7 şagird isə 500-600 bal arasında nəticə göstərib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək məzunları müstəqil həyata qədəm qoymaları münasibətilə təbrik edib, onlara müəllimlərin etimadını doğrultmağı, Vətənimizə layiqli insan kimi yetişməyi arzulayıb.
Onbirincilərin hazırladıqları bədii proqramdan sonra son zəng çalınıb, məzunlarla birincilərin görüşü olub.