REGİONLAR
Qax məktəblərinin 476 məzunu “Son zəng”in sevincini yaşayıblar
Qax, 14 iyun, Mustafa Dadaşov, AZƏRTAC
İyunun 14-də Qax rayonunun tam orta məktəblərini bitirən 476 şagird üçün “Son zəng” çalınıb. Bu münasibətlə keçirilən mərasimlərdə məktəb kollektivləri, rayon icra hakimiyyətinin, müəssisə və təşkilatların, yerli icra və bələdiyyə orqanlarının nümayəndələri, valideynlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədris ili rayonun tam orta məktəblərinin məzunları üçün çox uğurlu olub. Ali məktəblərə builki qəbul imtahanlarının birinci mərhələsində onbirincilər yüksək bilik nümayiş etdiriblər. İmtahanlarda iştirak edən məzunlardan 45 nəfəri 500-700 bal arasında, o cümlədən 18 nəfər 600 baldan yuxarı nəticə göstərib.
Respublikanın tanınmış təhsil ocaqlarından olan şəhid Namiq Allahverdiyev adına Qax şəhər 2 saylı məktəb-liseydə təşkil edilən “Son zəng” mərasimi bu dəfə də maraqlı və rəngarəng proqramla yadda qalıb. İki dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” respublika müsabiqəsinin qalibi adını qazanan məktəb-lisey qabaqcıl təhsil ənənələri ilə seçilir. Bu təhsil ocağı respublika üzrə ən yüksək təhsil göstəricilərinə malik olan 100 məktəbdən biridir.
“Son zəng” mərasimi Azərbaycanın dövlət himninin oxunması ilə başlanıb. Tədbirdə məktəb-liseyin direktoru Şəkər Abdullayeva çıxış edərək, ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, bu təhsil ocağının ötən tədris ilində qazandığı uğurlardan bəhs edib. Bildirilib ki, tədris ilinin yekunları liseyin şagirdləri üçün uğurlu olub. Liseydə təhsil alan 22 şagird respublika fənn olimpiadalarında, beynəlxalq və respublika səviyyəli yarış və müsabiqələrdə, layihələrdə iştirak edib, medal və sertifikatlar qazanıb. Liseyin 10-cu sinif şagirdi Murad Şərifzadə ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan ən yaxşı təqdimat respublika müsabiqəsində birinci yeri tutub. İki şagird ABŞ-da bir illik pulsuz təhsil almaq hüququ qazanıb. Ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsində liseyin şagirdlərindən 5 nəfər 600 baldan yuxarı, 6 şagird isə 500-600 bal arasında nəticə göstərib.
Tədbirdə çıxış edənlər məzunları müstəqil həyata qədəm qoymaları münasibətilə təbrik edib, onlara müəllimlərin etimadını doğrultmağı, Vətənimizə layiqli insan kimi yetişməyi arzulayıblar.
Onbirincilərin hazırladıqları bədii proqramdan sonra son zəng çalınıb, məzunlarla birincilərin görüşü olub.