REGİONLAR
Qax məktəblilərini cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir
Qax, 13 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən, “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qax rayonunun məktəbliləri noyabrın 13-də səhər saatlarında Lənkəran-Masallı-Astara marşrutu üzrə respublikamızın cənub bölgəsinə yola salınıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiyada iştirak edən məktəblilərlə bir gün əvvəl rayon icra hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Musa Şəkiliyev maarifləndirici tur-aksiyanın əhəmiyyətindən söhbət açıb, bu layihənin yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığını vurğulayıb.
Məktəblilərin diqqətinə çatdırılıb ki, Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin çox böyük payı var. Bu baxımdan Lənkəran, Masallı və Astara rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Bu bölgə sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir.
Noyabrın 13-də səhər saatlarında tur-aksiya iştirakçılarını yola salmaq üçün Qax şəhərinin mərkəzindəki meydana toplaşan rayon rəhbərliyi, müəllim və valideynlər məktəblilərə tövsiyələrini veriblər. Yolasalma mərasimində bildirilib ki, məktəbliləri Lənkəran, Masallı və Astara rayonlarında olduqca maraqlı ekskursiya gözləyir. Onlar dörd gün ərzində cənub bölgəsi rayonlarının tarixi məkanları, muzeyləri ilə yaxından tanış olacaq, görməli yerlərini gəzəcəklər. Bundan əlavə, onların asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün müxtəlif intellektual oyunların, əyləncəli proqramların təşkili də nəzərdə tutulub. Lənkəran rayonundakı Hirkan Milli Parkına və Xanbulan gölünə, Masallıdakı “ASAN həyat” kompleksinə, Sənaye Məhəlləsinə, Astaradakı çay fabrikinə, bulvara ekskursiyalar, həmçinin bölgədəki çay plantasiyaları və sitrus meyvə bağları ilə tanışlıq məktəblilərin ürəyincə olacaq.
Qax şəhər 2 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Fuad Kərimli, Zəyəm kənd tam orta məktəbin 11-ci sinif şagirdi Səma Əmranlı və digər məktəblilər aksiyada iştirak etdiklərinə görə böyük sevinc hissi keçirdiklərini bildiriblər.
Sonra məktəblilər onlar üçün ayrılmış avtobusla cənub bölgəsinə yola düşüblər.