REGİONLAR


Qax məktəblilərini qərb bölgəsində maraqlı ekskursiyalar gözləyir VİDEO

Qax, 15 mart, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qax rayonunun məktəbliləri martın 15-də səhər saatlarında Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə respublikamızın qərb bölgəsinə yola salınıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax məktəbliləri ilə bir gün əvvəl rayon icra hakimiyyətində keçirilən görüşdə tur-aksiyaların əhəmiyyətindən söhbət açılıb, bu layihənin yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığı vurğulanıb.

Martın 15-də səhər saatlarında tur-aksiya iştirakçılarını yola salmaq üçün Qax şəhərinin mərkəzindəki meydana toplaşan rayon rəhbərliyi, müəllim və valideynlər məktəblilərə tövsiyələrini veriblər. Yolasalma mərasimində iştirak edən rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev məktəblilərə tur-aksiya zamanı keçiriləcək tədbirlərdə, intellektual oyunlarda fəal olmağı tövsiyə edib.

Məktəblilərin diqqətinə çatdırılıb ki, onları Nizami yurdunda, həmçinin Şəmkir, Göygöl və qərb bölgəsinin digər rayonlarında maraqlı ekskursiyalar gözləyir. Məktəblilər əvvəlcə Şəmkir rayonunda Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi, “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, Aqroparkla tanış olacaqlar. Sonra tur-aksiya iştirakçıları Göygöl rayonuna səfər edəcəklər.

Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə şəhəri ilə tanışlıq məktəblilərin yaddaşında silinməz iz buraxacaq. Tur-aksiya iştirakçıları şəhərin tarixi məkanları - Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsi və digər tarixi məkanlarla tanış olacaqlar. Qax məktəblilərinin Tovuz, Qazax, Ağstafa rayonlarına ekskursiyaları da maraqlı tədbirlərlə yaddaqalan olacaq.

Tur-aksiya iştirakçıları layihədə iştirak etdiklərinə görə böyük sevinc hissi keçirdiklərini bildiriblər.

Sonra məktəblilər onlar üçün ayrılmış avtobusa əyləşərək ölkənin qərb bölgəsinə yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.