REGİONLAR
Qax məktəblisi: Ölkəmizin dilbər guşələrinə səyahət etmək çoxdankı arzum idi
Qax, 15 mart, Mustafa Dadaşov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyada ilk dəfədir iştirak edirəm. Azərbaycanın dilbər guşələrinə səyahət etmək çoxdankı arzum idi. Səyahət edəcəyimiz Gəncə şəhərində əvvəllər olsam da, qərb bölgəsinin Şəmkir, Göygöl və digər rayonları barədə çox az məlumatım var. Bizə yaradılan bu imkan sayəsində ölkəmizin qərb bölgəsi haqqında məlumatımızı, biliyimizi daha da artıra biləcəyik.
Bu sözləri tur-aksiya çərçivəsində respublikamızın qərb bölgəsinə səfər edən Qax şəhər 5 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Maarif Namazov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.
“Biz gənclər həmişə ölkəmizin tarixi məkanlarını, dilbər guşələrini görmək arzusunda olmuşuq. Çünki yurdumuzun hər qarışına dərindən bələd olsaq, tanısaq, onu daha çox sevərik. Bizə yaradılan bu şəraitə görə Prezidentimizə minnətdarlığımızı bildiririk”, - deyə o qeyd edib.