REGİONLAR


Qax rayonu III Bal bayramına hazırlaşır

Qax, 18 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Sentyabrın 19-da əsrarəngiz təbiəti və zəngin milli mətbəxi ilə seçilən Qax rayonunda III Bal bayramı keçiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Arıçılar Assosiasiyasının dəstəyi ilə reallaşacaq bayramın keçirilməsində əsas məqsəd rayonun kənd təsərrüfatının ənənəvi sahələrindən olan arıçılığı təbliğ etmək, bu sahəyə marağı artırmaq, həmçinin Qaxın iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.

Bayramda nazirlik və dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, qonşu rayonlardan dəvət olunmuş qonaqlar, bölgənin arıçılıq birliklərinin nümayəndələri, bal istehsalçıları və rayon sakinləri iştirak edəcəklər.

Bayram iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildirəcəklər.

Sonra rayonda fəaliyyət göstərən arıçılıq təsərrüfatına baxış keçiriləcək.

Bayramın rəsmi açılış mərasimi Qax şəhərindəki “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzində olacaq. Təbrik və çıxışlardan sonra bayrama dəvət olunan qonaqlar və tədbir iştirakçıları bal və arıçılıq məhsullarının, arıçılıqda istifadə edilən avadanlığın sərgiləri ilə tanış olacaq, balın süzülməsi prosesini əyani şəkildə izləyəcəklər. Bayramda baldan hazırlanmış geniş çeşiddə mətbəx nümunələri, şirniyyat və xörəklər nümayiş olunacaq, sənətkarların əl işləri sərgilənəcək.

Bal bayramı respublikanın tanınmış incəsənət ustalarının təqdim etdiyi geniş konsert proqramı ilə başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.