REGİONLAR
Qax rayonunda 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi başa çatmaq üzrədir VİDEO
Qax, 21 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun yenidən qurulması istiqamətində işlər cədvələ uyğun davam etdirilir. Hazırda yolun qalan 7 kilometrlik hissəsində təmir-tikinti işləri başa çatmaq üzrədir.
Tikinti işlərini həyata keçirən “Azəravtoyol” ASC-nin mühəndisi Rövşən Heydərov AZƏRTAC-a bildirib ki, yolun həmin hissəsində 10 metr enində yol yatağının tikintisi artıq başa çatdırılıb və yola 8 santimetr qalınlığında birinci qat asfalt-beton örtüyü döşənib. Yolboyu zəruri olan yerlərdə ümumi uzunluğu 64 metr olan suötürücü borular quraşdırılıb. Tikinti işləri çərçivəsində hazırda yolun Fıstıqlı kəndinə giriş hissəsində 5 santimetr qalınlığında üst qat asfalt-beton örtüyü döşənir. Bu işlərin 10 gün müddətinə başa çatdırılması nəzərdə tutulur.
Mühəndisin bildirdiyinə görə, tikinti işləri yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. Tikinti-quraşdırma işləri tam başa çatdırıldıqdan sonra yol istismara veriləcək.
Xatırladaq ki, Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolu yeddi min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir.