REGİONLAR
Qax rayonunda heyvandarlığın inkişafına həsr edilmiş zona müşavirəsi keçirilib
Bakı, 28 iyul, AZƏRTAC
İyulun 28-də Qax rayonunda damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədilə zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri ilə bağlı zona müşavirəsi keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirədə Qax, Zaqatala və Balakən rayonlarından heyvandarlıqla məşğul olan fermerlər, süni mayalama və heyvandarlıq üzrə mütəxəssislər iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək, respublikada heyvandarlıq sahəsində qarşıda duran vəzifələr, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması üçün mütərəqqi texnologiyaların tətbiqi, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkili barədə ətraflı məlumat verib.
Zona müşavirəsində heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, heyvandarlıqda möhkəm yem bazasının yaradılması yolları və süni mayalamanın əhəmiyyəti barədə təqdimat və çıxışlar olub.
Müşavirədə fermerləri və mütəxəssisləri maraqlandıran suallar ətraflı cavablandırılıb, onların rəy və təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb.
Tədbirdə, həmçinin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra olunan beynəlxalq və yerli layihələr haqqında ətraflı məlumat verilib.
Fermerlər Arıçılıq Mərkəzi ilə əlaqələrin qurulması, tədqiqat işlərinin genişləndirilməsi, damazlıq arıçılıq təsərrüfatlarında müxtəlif arı cinslərinin yetişdirilməsi, arıçılıq məhsullarının üzərində nəzarətin artırılmasına dair təkliflərini bildiriblər.
Sonra qaramalın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin təbliğatı məqsədilə Qax rayonunun Zəyəm kəndində ailə təsərrüfatında süni mayalama proseduru nümayiş olunub, heyvandarlığın vəziyyəti sakinlərin iştirakı ilə təhlil edilib.
Sonda ailə-kəndli və fermer təsərrüfatı sahiblərinə süni mayalamanın üstünlükləri barədə zəruri məlumatlar verilib, kitabçalar paylanılıb.