REGİONLAR
Qax rayonunun 28 yaşayış məntəqəsində tibbi müayinələr başa çatıb
Qax, 9 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Ölkəmizdə əhalinin sağlamlığının qorunması məqsədilə davamlı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tövsiyəsinə uyğun olaraq, altıncı ildir təşkil edilən əhalinin pulsuz kütləvi tibbi müayinəsi aksiyası da məhz belə tədbirlərdəndir. Fevralın 12-dən başlanan tibbi müayinələr Qax rayonunda da mütəşəkkil qaydada davam edir. Aksiya çərçivəsində bu günədək 25 mindən çox sakin müayinədən keçərək öz sağlamlıqları barədə məlumat alıb. Rayonun 28 yaşayış məntəqəsində, həmçinin 122 idarə, müəssisə və təşkilatda tibbi müayinələr artıq başa çatıb.
Qax Rayon Mərkəzi Xəstəxananın poliklinika şöbəsinin müdiri Cəmaləddin Hacıyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tibbi müayinələrə rayon üzrə 18 yaşdan yuxarı 40 mindən çox insanın cəlb olunması nəzərdə tutulub. Müayinələr zamanı ultrasəs, rentgen və digər tibbi aparatlardan geniş istifadə olunur. Xəstəxananın laboratoriyasında müxtəlif qan analizlərinin aparılması üçün müasir tələblərə cavab verən zəruri tibbi avadanlıq var. Müayinələr zamanı xəstəliklər aşkar edildikdə, belə xəstələr müalicəyə cəlb olunurlar.
Poliklinika müdirinin məlumatına görə, indiyədək müayinədən keçənlərin 2285 nəfərinə ambulator müalicə təyin edilib, 27 nəfər stasionar müalicəyə cəlb olunub. Bundan əlavə, müxtəlif xəstəliklər aşkar edilən 7 nəfər daha geniş müayinə və müalicə üçün paytaxtın tibb müəssisələrinə göndərilib, 2 xəstə üzərində isə cərrahiyyə əməliyyatı aparılıb.
Müayinədən keçən rayon sakinləri insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.