MƏDƏNİYYƏT
Qax rayonunun Əlibəyli Dövlət Gürcü Dram Teatrında yeni tamaşa hazırlanır
Qax, 25 noyabr (AZƏRTAC). Qax rayonunun Əlibəyli kəndində fəaliyyət göstərən Dövlət Gürcü Dram Teatrında Əli Əmirlinin “Bala bəla sözündəndir?” iki hissəli komediyası əsasında “Povestka, yaxud çağırış vərəqəsi” pyesi tamaşaya qoyulmuşdur. Əsəri gürcü dilinə tərcümə edən və tamaşanın quruluşçu rejissoru Əməkdar Mədəniyyət İşçisi İsako Zeynalaşvilidir.
Tamaşada əsas rolları Ofeliya Andriaşvili, Bessarion Çaçaşvili, Vitali Emraşvili və başqaları ifa edirlər.
Tamaşanın premyerası yaxın günlərdə olacaqdır.
Qeyd edək ki, Qax rayonunun Əlibəyli kəndində gürcü teatrı 1981-ci ildə dram dərnəyi kimi fəaliyyətə başlamışdır. 1985-ci ildə Xalq teatrı statusu alan əyalət teatrına 2004-cü ilin dekabrında Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Əlibəyli Dövlət Gürcü Dram Teatrı adı verilmişdir.