CƏMİYYƏT
Qax rayonunun Ləkit kəndinin məktəbliləri narkomaniya və dini radikalizmin fəsadları barədə maarifləndiriliblər
Bakı, 14 noyabr, AZƏRTAC
Qax Rayon Polis və Təhsil şöbələrinin birgə təşkilatçılığı ilə rayonun Ləkit kənd tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır”, “Dini radikalizmə qarşı mübarizə” və “Yol hərəkəti qaydaları” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon polis şöbəsinin rəisi, polis polkovniki Vidadi Qurbanov narkomaniyanın cəmiyyətə, ümumilikdə bəşəriyyətə ağır zərbələr vurduğunu bildirərək belə maarifləndirmə tədbirlərinin zəruriliyini diqqətə çatdırıb. Şöbə rəisi “ağ ölüm”ün qurbanına çevrilənlərin sağlam həyata qayıtmalarının çox çətin olduğunu vurğulayıb.
Rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Hidayət Nurəlibəyov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi çıxışlarında dini radikalizmin fəsadlarından danışıblar. Onlar ölkəmizdə formalaşmış tolerantlıq ənənələrindən söz açıb və sağlam dini düşüncənin formalaşmasında maarifləndirmə işinin böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
Tədbirdə məktəblilərə yol hərəkəti qaydaları mövzusunda da ətraflı məlumat verilib.
Şagirdlər mövzular ətrafında müxtəlif səhnəciklər nümayiş etdirib, mahnılar oxuyub, şeirlər söyləyiblər.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.