REGİONLAR
Qax rayonunun Qaxbaş kəndinin mərkəzi küçəsinin əsaslı şəkildə yenidən qurulmasına başlanılıb VİDEO
Bakı, 21 sentyabr, AZƏRTAC
Qax rayonunun Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaxbaş kəndinin mərkəzi yolu olan İmam Mustafayev küçəsinin əsaslı yenidən qurulması işlərinə başlanılıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, İmam Mustafayev küçəsi Qaxbaş kəndinin əsas yollarından biri olmaqla uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilirdi. Əsasən çınqıl örtüklü və torpaq əsaslı olan yolda xüsusən payız-qış aylarında istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində çətinliklər yaşanırdı. Artıq yenidənqurma işləri ilə bu problem aradan qaldırılır.
Məlumata əsasən, 1,1 kilometr uzunluğa malik İmam Mustafayev küçəsinin hərəkət hissəsinin eni 7 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir. Layihə çərçivəsində texnoloji ardıcıllığa uyğun hazırda torpaq işləri yerinə yetirilir. Belə ki, yol yatağının yararsız qruntu çıxarılır, əks-dolğu işləri icra olunmaqla yeni yol yatağı və yol əsasının tikintisi işləri aparılır. İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start veriləcək. Ümumilikdə 8100 kvadratmetr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri planlaşdırılır.
Vətəndaşların küçəboyu rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 3600 kvadratmetr yeni piyada səkilərinin inşası, kənarlarına 2200 poqonometr səki daşının düzülməsi nəzərdə tutulub. Bununla yanaşı, layihə üzrə ümumi uzunluğu 960 metr olan dəmir-beton su arxının tikintisi də aparılacaq.
Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”na əsasən icra olunur. İşlərin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Tikinti layihəsinin sonuncu mərhələsində yol birləşmələrinin təmiri, zəruri yol nişanlarının quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin və piyada zolaqlarının çəkilişi aparılmaqla küçə müasir görkəmdə istifadəyə veriləcək.
Aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.