REGİONLAR
Qax rayonunun və Gürcüstanın uşaq kollektivləri arasında dostluq əlaqələri genişlənir VİDEO
Qax, 19 may, Mustafa Dadaşov, AZƏRTAC
Mayın 19-da Gürcüstanın uşaq rəqs və folklor kollektivləri Qax rayonunda qonaq olublar.
AZƏRTAC xəbər verir ki, qonşu ölkənin “Gürcü folklorunun inkişafı Beynəlxalq Assosiasiyası”nın təşəbbüsü ilə ilk dəfə reallaşan “Yaz folklor festivalı”nda Qax rayonunun uşaq folklor və rəqs kollektivləri də yaxından iştirak ediblər.
“El Resort” otelinin konfrans mərkəzində keçirilən açılış mərasimində Assosiasiyanın rəhbəri David Qoqoşidze çıxış edərək, festivalın keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın və Gürcüstanın müvafiq dövlət qurumlarının, nazirliklərinin rəhbərlərinə minnətdarlığını bildirib. Vurğulanıb ki, festival ölkələrimiz arasında dostluq və mədəni sahədə əlaqələri daha da genişləndirmək, möhkəmləndirmək məqsədi daşıyır. Festivalın gələcəkdə ənənəvi olacağına əminlik ifadə edilib.
Gürcüstanın “Opiza”, “İmedi”, “Universal”, həmçinin Qax rayonunun “Tumurcuq”, “Fesvebi” folklor və rəqs kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.