REGİONLAR
Qax tütün istehsalı və emalı məntəqəsi fermerlərdən 21 tondan çox yaşıl tütün kütləsi qəbul edib
Qax, 4 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun tütünçülük təsərrüfatlarında bir neçə gündür tütün yığımına başlanılıb. Yığılan yaşıl tütün kütləsi qurudulmaq üçün sahələrdən birbaşa “Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilir. Emal məntəqəsi mövsümün ilk günlərində istehsalçılardan 21,3 ton yaşıl tütün kütləsi qəbul edib.
Emal məntəqəsinin müdiri İsrafil Səfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayon üzrə məntəqəyə ilk olaraq Qaxilgiloy kəndindən fermer Elşən İbrahimov, Qaxdan Namiq Fərhadov, Şotavar kəndindən Telman Şahmalıyev qurudulmaq üçün tütün təhvil veriblər. Tütünün qurudulması üçün məntəqədə 60 ədəd odla tütünqurutma kamerası var. Bütün kameralar mövsümə tam hazır vəziyyətdədir. Hazırda 3 kameraya tütün qoyulub. Tütünün qurudulması prosesi 7-8 gün çəkir. Qurudulan tütün preslənərək anbara yığılacaq və daha sonra tütün emalı zavoduna təhvil veriləcək.
Müəssisənin rəhbəri bildirib ki, cari mövsümdə rayonun fermerləri 620 hektar sahədə tütün yetişdirirlər. Əkin sahələrinin 605 hektarına “Virciniya” növlü ətirli, 15 hektarına isə yerli tütün sortları əkilib.