REGİONLAR
Qax və Zaqatala gəncləri arasında dostluq əlaqələri genişlənir
Qax, 4 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Qax və Zaqatala nümayəndəlikləri arasında dostluq və əməkdaşlıq əlaqələri genişlənir. Bu günlərdə GİKM-nin Zaqatala nümayəndəliyinin könüllüləri və fəal gəncləri “Həmrəy könüllü” layihəsi çərçivəsində Qax rayonuna səfər edərək gənclərlə görüşüblər.
GİKM-nin Qax nümayəndəliyinin direktoru Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, görüş zamanı gənclər nümayəndəliklərin fəaliyyəti, həyata keçirilən layihələr, görülən işlər barədə birgə müzakirələr aparıb, komandalara bölünərək müxtəlif qrup işləri görüblər.
Nümayəndəliyin direktoru tərəfindən gənclərə “Gənc bələdçi” təlimi də keçirilib. Təlim zamanı iştirakçılara ekskursiyanın təşkil olunması, ekskursiya zamanı bələdçinin bilməli olduğu məqamlar haqqında ətraflı məlumat verilib.
Səfər çərçivəsində zaqatalalı gənclər Qax şəhərinin tarixi məkanlarından olan “İçəribazar” Turizm Mədəniyyət Mərkəzi ilə də yaxından tanış olublar.