REGİONLAR
Qax və Zaqatala rayonlarında buraxılış (qəbul) imtahanları 9 mərkəzdə aparılıb
Qax-Zaqatala, 18 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 18-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Qax və Zaqatala rayonlarında ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış (qəbul) imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Zaqatala rayonunda 6, Qaxda isə 3 mərkəz ayrılıb. Buraxılış (qəbul) imtahanları Zaqatala şəhərindəki 1, 2 və 3 saylı tam orta, Zərifə Əliyeva adına Texniki təmayüllü lisey, Qazangül qəsəbə və Aşağı Tala kənd 3 saylı, həmçinin Qax şəhərindəki 2, 4 və 5 saylı tam orta məktəblərdə təşkil olunub. Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
Regional bölmədən verilən məlumata görə, imtahanlarda Zaqatala rayonu üzrə 1412, Qax rayonu üzrə isə 657 şagird iştirak edib. İmtahanların idarə olunmasına Zaqatala rayonunda 19 imtahan rəhbəri və 137 nəzarətçi-müəllim, Qax rayonunda isə 9 imtahan rəhbəri və 67 nəzarətçi-müəllim cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri Qax şəhərindəki 2 saylı orta məktəb-liseydə 9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanında iştirak edib. Məktəbdəki bütün imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan prosesi pandemiya dövrünün tələblərinə uyğun şəkildə təşkil olunub.
İmtahan rəhbəri Əfqan Əliyevin bildirdiyinə görə, 234 şagirdin iştirak etdiyi imtahanın idarə olunmasına 3 rəhbər və 23 nəzarətçi-müəllim cəlb olunub.
Regional bölmənin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, bütün imtahan mərkəzlərində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.