SİYASƏT
Qax ziyalısı: Üçrəngli Azərbaycan bayrağının Qarabağ səması üzərində dalğalanacağı gün uzaqda deyil
Qax, 29 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımız rəşadətli Azərbaycan Ordusunun bu zəfər yürüşünü çoxdan gözləyirdi. Nəhayət, bu tarixi gün gəlib çatdı. Mənfur düşmənin növbəti təxribatlarına layiqincə cavab verən ordumuz əzmlə, fədakarlıqla irəliləyir. Azərbaycan əsgəri öz əzəli torpağının bütövlüyü uğrunda vuruşur. İnanırıq ki, üçrəngli Azərbaycan bayrağı tezliklə Qarabağ səması üzərində dalğalanacaq, qələbə bizimlə olacaq.
Bu fikri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qax ziyalısı, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Güllü Əhmədova söyləyib.
İşğal altında olan torpaqlarımızın tezliklə mənfur düşməndən azad olunacağına böyük inam bəslədiyini vurğulayan ziyalı deyib: “Bu gün Azərbaycan xalqının ürəyi Qarabağla döyünür. Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevdən, rəşadətli ordumuzdan bir arzusu, istəyi var – Qələbə, Qələbə və yalnız Qələbə! Azərbaycan əsgəri, sözümüz sənədir. İllərlə ayaqlar altında qalmış torpaqlarımızın, şəhidlərimizin, düşmən əsirliyində olmazın əzablar çəkmiş qız-gəlinlərimizin, ata-babalarımızın qisasını almaq indi sənin öhdənə düşür. Əliniz tətikdə titrəməsin! Qarabağ əzəli torpağımızdır, babalarımızdan bizə əmanətdir. Onu kimsəyə verməyə ixtiyarımız yoxdur. Bu mübarizədə ölüm yox, şəhidlik var. Bu döyüş yolu qəhrəmanlıq, fəxarət yoludur. Azərbaycan Ordusu qüdrətini, rəşadətini bütün dünyaya nümayiş etdirir. Biz torpaqlarımız uğrunda canlarından keçən Vətən oğulları ilə fəxr edirik. Tanrı əsgərlərimizə dayaq olsun!”.