REGİONLAR
Qaxda 13 min hektardan çox sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır
Qax, 26 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dənlilərin səpininə hazırlıq işləri başa çatmaq üzrədir. Cari mövsümdə rayonda 13 min hektardan çox sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. Səpin üçün 3 min tona yaxın yüksək reproduksiyalı toxum fondu yaradılıb. Bu günədək 7,4 min hektar sahədə şum aparılıb və bu iş davam etdirilir. Səpin kampaniyasına cəlb olunacaq traktor, taxılsəpən aqreqat, mala və digər texnika təmir olunaraq saz vəziyyətə gətirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının baş məsləhətçisi Malik Həmzəyev məlumat verib.
Qurumun təmsilçisinin bildirdiyinə görə, artıq rayonun Qorağan, Qaşqaçay, Almalı və İlisu kəndlərinin təsərrüfatlarında 80 hektarda yaşıl yem üçün xəsil arpa səpilib. Payızlıq taxıl səpininə isə oktyabrın əvvəllərində başlanılması nəzərdə tutulur.
Rayonun təsərrüfatlarında, eyni zamanda, qarğıdalı yığımı da davam edir. Cari mövsümdə fermerlər 1577 hektar sahədə qarğıdalı yetişdiriblər. İndiyədək 910 hektar sahənin məhsulu yığılıb, 6 min tona yaxın dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 65 sentner təşkil edir.