REGİONLAR
Qaxda ASAN könüllülərinin II Yay məktəbi başa çatıb
Qax, 30 avqust, Mustafa Dadaşov, AZƏRTAC
“ASAN Könüllüləri” təşkilatının təşəbbüsü ilə Qax rayonunda təşkil olunan II “Yay məktəbi” öz işini başa çatdırıb. Avqustun 28-dən 30-dək davam edən “Yay məktəbi”ndə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən 60 könüllü iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbirin sonuncu günü layihə iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevlə görüşü olub.
Məlumat verilib ki, Gənclər Fondu “ASAN könüllüləri” təşkilatının ən sıx əməkdaşlıq etdiyi dövlət qurumlarından biridir. Təşkilatın layihələrinin bir çoxu məhz Gənclər Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Fondun icraçı direktoru Fərhad Hacıyev qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, Fond Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü və göstərişi ilə 2011-ci ildə yaradılıb. Əsas məqsəd hər bir Azərbaycan gəncinə öz düşüncəsini, fikrini, təşəbbüsünü reallaşdırmaq üçün imkan yaratmaqdır. Bu gün istənilən gənc Fonda müraciət edir, layihə udur və öz ideyasını reallaşdıra bilir. Fond maraqlı layihələri daim dəstəkləməyə çalışır.
Fərhad Hacıyev bildirib ki, Gənclər Fondu layihələrin dəstəklənməsinə 2012-ci ilin iyunundan başlayıb. Həmin il elan olunan qrant müsabiqəsinə 195 layihə üzrə müraciət daxil olmuşdusa, sonuncu müsabiqədə müraciətlərin sayı artıq 1500-ə çatıb. Yəni, son 3 il yarım müddətdə insanların Gənclər Fonduna inamı xeyli artıb.
Görüşdə gəncləri maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Layihə müddətində iştirakçılar 8 komandaya bölünərək müxtəlif mövzularla bağlı təkliflər paketi hazırlayıblar. Layihənin sonuncu günü bu təkliflərin təqdimatı olub. Verilən təkliflər münsiflər tərəfindən qiymətləndirilib. Seçilən ən yaxşı təkliflər gələcəkdə reallaşdırılmaq üçün “ASAN Könüllüləri” təşkilatının rəhbərinə təqdim olunacaq.
Layihə müddətində “Yay məktəbi”nin iştirakçıları Qax şəhərinin, həmçinin İlisu və Qum kəndlərinin tarixi məkanları ilə də yaxından tanış olublar.